Maraqlı

 | Dünyanın müxtəlif ölkələrinin orijinal Yeni İl ənənəsi

  Yeni İl dünyanın müxtəlif xalqları üçün ənənəvi bayrama çevrilib. Uşaqdan böyüyə hər kəs səbirsizliklə dekabrın 31-ni gözləyir.

Dünyanın hər yerində bütün insanlar Yeni ili xoş möcüzələr, yeni uğurlar, xoşbəxtlik arzusuyla gözləsələr də bayramı hərə öz adət-ənənəsinə uyğun qarşılayır.

Oxucularımıza dünyanın müxtəlif ölkələrinin qeyri-adi Yeni İl ənənələrini təqdim edirik:

1.Kanada

Kanadada Yeni İlə kifayət qədər erkən hazırlaşmağa başlayırlar. Küçələr oktyabrın sonundan etibarən bəzədilir, şam ağacı bayramdan bir ay öncə quraşdırılır. Ən məşhur yolka bəzəkləri mələk və ya Vifleyem ulduzudur.

Kanadalılar Yeni İli Miladdan fərqli olaraq dostları ilə qeyd edirlər. Ən məşhur Yeni İl əyləncəsi konkidə sürüşməkdir. Həmçinin bu bayramda onlar bir-birinə bahalı hədiyyələr yox, öz əlləri ilə düzəldilmiş hədiyyələr verməyi üstün tuturlar.

2.ABŞ

Bu ölkədə müxtəlif millətlərə məxsus insanlar yaşadığından, bayramla bağlı dini məsələlər əyləncə istiqamətinə yönəlib. Yeni İli evdə qeyd edənlər hind toyuğu bişirir və şərab içirlər. Bu gecəni küçədə qeyd edənlər adətən sampan şərabı və gözəl yeməklə bayramı qeyd edirlər.

Qəribəsi budur ki, ABŞ-da Yeni İl idman müsabiqəsi kimi də qeyd olunur. Adətən bu günlərdə Amerikada futbol oyunları təşkil edilir. Bir çox insan həmin gecəni oyuna baxmaqla keçirir.

Çoxmillətli bir ölkə olan ABŞ-da  dini və sosial bərabərlik üçün bayram axşamı evdə hindduşka bişirən insanlar da var, həmçinin küçədə qeyd edənlər də.

3.Meksika

Meksikada bayramlar 12 dekabrdan başlanır və karnavallar keçirilir. Amma 25 dekabrda küçələr boşaldılır. Çox əsirlik ənənəyə görə, meksikalılar bayramı ailəsinin əhatəsində keçirir.

Meksikada saatın on ikini vurması ilə həmahəng fişənglər atılır, karnaval yürüşlərinə strat verilir. Burada meyvə, su və digər hədiyyələrlə doldurulmuş gil qabların sındırılması adəti də mövcuddur.

4.Fransa

 Fransada Yeni il həm bayram, həm də həmrəylik kimi qiymətləndirilir. Bayram günü böyük yemək masaları qurulur.

Bir çox Fransa əyalətlərində bu günə qədər köhnə bir ənənəyə əməl olunmaqdadır. Yeni ildə ilk olaraq su dalınca bulağa gedən ev sahibəsi ora qoğal və ya bulka qoyur. Bu bayram payını ertəsi gün o biri sahibə götürür, əvəzində özü gətirdiyini bulaq başında qoyur. Qadınlar axşam olana qədər bir-birilərini bu cür qonaq edirlər.

Fransanın şərab ölkəsi olduğunu nəzərə alsaq, vəziyyəti təsəvvür etmək olar. Bu ölkədə bayramın ən maraqlı tərəfi hədiyyələrdir. Amma burada bir qədər diqqətli olmaq lazımdır. Hər hədiyyəni hər adama vermək olmaz. Məsələn, bu bayramda qadının öz ərindən başqa kimdənsə hədiyyə olaraq ətir qəbul etməsi yaxşı hal hesab olunmur.

5.Yaponiya

Yaponiyada uşaqlar Yeni İli təzə geyimlərdə qarşılayırlar və bunun onlara sağlıq, uğur gətirəcəyinə inanırlar. Bayram gecəsi onlar yastıqlarının altına arzuladıqları əşyanın şəklini qoyurlar və inanırlar ki, bununla arzuları yerinə yetəcəkdir. Yaponiyada Şaxta babanı “Seqaçu-san”, yəni “cənab Yeni il” adlandırırlar.

Yaponiyada gecə boyunca 108 dəfə zəng çalınır. Bununla yaponlar şeytanı qovduqlarını düşünürlər. Bayram şirniyyatlarından ən məşhuru isə içi düyü ilə dolu olan keksdir.

İspanlar 31 dekabr saat 00:00 göstərəndə ağızlarına eyni anda 12 üzüm dənəsi atırlar. Onlar bunu etməklə gələcək ildə bolluq olacağına inanırlar.

Bayram şənliklərinin bütün ölkəni əhatə etdiyi Danimarkada əgər bir ailə ilə Yeni İli qarşılayacaqsınızsa, il boyu yığdığınızı boşqabları qırmalısınız.

Brazilyada bayram günü hamı rəngli don geyinməlidir. Eşq axtarışında olanlar qırmızı, pul istəyənlər isə sarı rəngdə olan donları geyimlərinin üstündən geyinirlər.

Almaniyada bir qayda olaraq bütün ailə üzvləri evdə olmalıdır. Onlar birlikdə suya ərimiş qurğuşun tökərək gələcək haqqında bəzi təxminlər irəli sürürlər.

Kolumbiya camaatı bayram gecəsi əllərində boş çamadanlarla küçələrdə gəzişirlər. Tez-tez səyahət etmək istəyənlər Yeni İlə belə girirlər.

İsveçlər küçədə gördükləri adamlara hədiyyə verirlər. Ən çox verilən hədiyyə isə viskidir.

Möhtəşəm təbiətə sahib skandinaviya ölkələrindən biri olan Norveçdə isə bayram günü bol düyülü pudinq hazırlanır və içinə bir ədəd badam atılır. Badam kimin payına düşərsə, gələn ilin onun üçün daha uğurlu olacağına inanırlar.

loading...