Həyat tərzi

 | "MİDA" Yasamalda ilk 12 yaşayış binasının tikintisini yekunlaşdırıb

 Azərbaycan Respublikasının Prezidenti yanında Mənzil İnşaatı Dövlət Agentliyinin tabeliyində fəaliyyət göstərən “MİDA” Məhdud Məsuliyyətli Cəmiyyətinin birinci layihəsi olan Yasamal Yaşayış Kompleksinin ilk 12 yaşayış binasının tikinti-quraşdırma işləri başa çatdırılıb.

“MİDA”-dan verilən məlumata görə, 1843 ailəni mənzil ilə təmin edəcək Yasamal Yaşayış Kompleksi 29 yaşayış binasından ibarət olacaq.

Kompleksin ilk 12 yaşayış binasının və 960 şagird yerlik ümumtəhsil məktəb binasının tikinti-quraşdırma işləri artıq yekunlaşıb, tamamlama-bəzək işləri davam etdirilir. Paralel olaraq digər çoxmənzilli yaşayış binalarının hər birinin tikintisi sürətlə davam etdirilir, həmçinin ərazinin müvafiq mühəndis-kommunikasiya sistemi ilə təchiz edilməsi işləri həyata keçirilir.

Yasamal Yaşayış Kompleksi layihəsinin reallaşdırılması ilə bağlı 3 investisiya müsabiqəsi nəticəsində 18 milyon manata yaxın özəl sərmayə cəlb olunub. Bu vəsait 3 yaşayış binasının tikintisinə, ərazidə telekommunikasiya infrastrukturunun yaradılmasına, habelə ticarət mərkəzinin layihələndirilməsi, tikintisi və idarə olunmasına yönləndiriləcək.

Bununla yanaşı, “Elektron hökumət” portalında yaradılmış “Güzəştli mənzil” sistemində güzəştlə mənzil əldə etmək hüququna malik vətəndaşların müraciətlərinin qeydiyyatı davam etdirilir. Ötən müddət ərzində bu sistem vasitəsilə 7500-dən çox vətəndaşın güzəştlə mənzil əldə etmək hüququ təsdiqlənib.

Mənzil İnşaatı Dövlət Agentliyinin növbəti layihəsi olan Hövsan Yaşayış Kompleksinin tikintisinin başlanılıb. Bakı şəhərinin Suraxanı rayonunda 20 hektarlıq ərazidə reallaşdırılacaq bu layihə çərçivəsində 3002 mənzilin inşa olunaraq istifadəyə verilməsi nəzərdə tutulur.

loading...