Maraqlı

 | Uşaqlar Şaxta Babaya niyə inanmalıdır? – AÇIQLAMA

Yeni İlin gəlişinə sayılı günlər qalıb. Bu bayram uşaqlıqdan yaddaşlarımıza əfsanəvi sehri ilə həkk olunub.

Uşaqlıq dövrünün ən gözəl xüsusiyyətlərindən biri elə məhz nağıllara inanmaq və özünü həmin nağıllar aləmində hiss edərək böyüməkdir.

Bir çoxlarımız Yeni İli sehrli bir ənənəyə çevirib, onu hər il səbrsizliklə gözləyirik.

Bu ənənə bizə diləklərimizin həyata keçəcəyinə dair ümidlər bəxş edir. Bu ümidlərin məğzində məhz Şaxta Baba obrazı dayanır.

Uşaq vaxtı çoxlarımız məktub yazaraq ondan bir sıra hədiyyələr istəmiş, ürəyimizə qızıl hərflərlə yazdığımız arzularımızın həyata keçməsini diləmişik. Bu anlayışın əsas tərəfi hədiyyələr deyil, onların gətirəcək bir Babanın olmasına inanmaqdır. Bu hisslərin səbəbkarı hər bir balaca ilə yanaşı, böyüklərin də sevimlisidir.

 

“Şaxta Baba getməsin, bizimlə yaşasın”

Bu obrazı uşaqlar özünəməxsus şəkildə dərk edir. Ancaq hamısının bayram gözləntiləri bir obrazda dayanır.

Uzun illərdir ki, hər Yeni İl ərəfəsində bayram şənliklərində Şaxta Baba obrazını canlandıran Faiq Şadlı ilə söhbət etdik. O, indiki uşaqların əvvəlki illərə nisbətən Şaxta Babaya inanmadıqlarını deyib:

“Artıq 14 ildir ki, bu işlə məşğul oluram. Təxminən 2008-ci ildən bəri balacalar Şaxta Babanın realda mövcud olmasına inanmır. Amma 6 yaşına qədər olan balacalar bu əfsanənin həqiqət olduğunu zənn edir. Məclisə girdiyim zaman bəziləri məni çaşqın tərzdə başdan-ayağa süzür, digər bir qrup isə sevincindən qarşıma atılır. Mənim üçün uşaqlarla çalışmaq böyük həzdir. Onların qulağıma öz arzularını pıçıldaması maddi maraqdan üstündür. Bir Şaxta Baba üçün ən önəmlisi uşaqların inamını doğrulda bilməkdir. Şənlik zamanı onlara istəkləri ilə bağlı suallar verirəm. Bu zaman onlar bir-bir mənə yaxınlaşaraq öz arzularını və diləklərini pıçıldayır. Bəziləri uşaq təxəyyülündən fərqli olaraq deputat, nazir olmaq istədiklərini bildirir. Şaxta Baba kimi onlarla keçirdiyim vaxtlar məni öz uşaqlığıma qaytarır. Sözsüz ki, hər birimiz Şaxta Babanın həyatda real olmasına inanmışıq. Hər dəfə bu obrazı canlandırarkən o saf anları təzədən yaşamış oluram.

Faiq Şaxta Babanı canlandıran zaman başına gələn maraqlı hadisə haqda da söz açıb: “Şaxta Babanı oynamaq üçün getdiyim evlərdən birində baş tutan tədbir zamanı maraqlı bir an yaşamışdım. 6 yaşlı uşaq şənlik bitdikdə gedəcəyimi bilib ağladı və valideynlərindən məni buraxmamaqlarını istədi. 50-60 nəfərdən ibarət qonaqlıqda hər kəsi ayağa qaldırıb qışqırdı və evi dağıtdı. Güclə yola gətirdikdən sonra mənim çıxıb getməyimə razı oldu. “Şaxta Baba getməsin, bizimlə qalsın” deyə qışqırıb ağlaması bu günə kimi hələ də yadımdadır”.

Bəs uşaqlar “Şaxta Baba əfsanəsi”nə inanmalıdır? Bunun psixoloji tərəfi nələri vəd edir? Psixoloq Aidə Nəbiyeva Şaxta Baba inancının erkən yaşlı uşaqların təxəyyülünə ciddi təsir göstərdiyini deyib. O, həmçinin indiki uşaqlarda Şaxta Babaya olan inamlarının azaldığını və bunun səbəbinin internet texnologiyasının inkişaf etməsində görüb:

“Əvvəlki illərə nisbətən indiki uşaqlar Şaxta Babaya və əfsanələrə inanmır. Bu, müasir texnologiya ilə sıx bağlıdır. Belə ki, əvvəlki illərdə Şaxta Baba bir qədər əlçatmaz idi. Bizlər onun haqqında çox az məlumata malik idik. Şaxta Babanın  real həyatda olmasına inanıb, ona yeniyetməlik dövrümüzə qədər məktublar yazırdıq. Lakin  müasir dövrdə bu belə deyil. İndiki uşaqlar internetdə istədikləri vaxt Şaxta Baba haqqında yetərli məlumatlar əldə edərək, onun həqiqət olmadığını öyrənirlər. Lakin hər bir uşaq fantaziya gücünü formalaşdırmaq üçün sehrə və nağıllar aləminə inanmalıdır. Çünki uşaqlıq dövrünü yaşına uyğun düşüncə və fantaziyalarla yaşayan uşaqlar gələcəkdə psixoloji problemlərlə üzləşmək riskindən sığortalanmış olur.   Bu təxəyyüllə böyüyən uşaqlar gələcək həyatlarında daha uğurlu və zəngin düşüncə tərzinə sahib olurlar. Hazırda qavrama xüsusiyyətindən asılı olaraq artıq 8-9 yaşına çatmış uşaq Şaxta Babaya inanmır. Bəzən uşaqların həddən artıq məntiq işlədərək yaşından böyük düşünməsi valideynləri sevindirsə də, bu normal hal deyil. Çünki hər bir uşaq öz aləmində nağıl dünyası quraraq təxəyyülünü inkişaf etdirməlidir. Şaxta Babaya inanan insanların içində daim qeyri-adi və əfsanəvi hisslər olur.”

loading...